06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
CƏNUB RAYONLARINDA NARKOMANİYA PROBLEMİ
19/05/2010 , 13:17
Köhnə kinoteatrın yanı …Cansıxıcı və yeknəsəq mühit adamın qəlbini sıxır. Bənizləri ağarmış, solğun çöhrəli dörd nəfər çömbəlib oturub. Az keçmiş daha iki nəfər gəldi. Onlar da eynilə çömbəlib oturdular. Dəstədikilər ciblərindın çıxardıqları iki şprisi su ilə yaxalayıb növbə ilə damarlarına vurdular və sonra şprisləri bir küncə atıb getdilər …
Son illərdə Azərbaycanda, xüsusən də Cənub bölgəsində narkomaniya geniş yayılır. Mütəxəssislər hesab edir ki, insanların narkotiklərə meyl etməsinin səbəbləri içərisində işsizlik, sisial çətinliklərlə yanaşı psixoloji problemlər də öndə dayanır. Ən əsas səbəb isə ondan ibarətdir ki, narkotik vasitələri yayan mafiyalar yeni məhsullar istehsal etməklə gənclər arasında güclü təbliğat aparırlar.
BMT–nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının koordinatoru Məzahir
Əfəndiyevin bildirdiyinə görə, Azərbaycanda narkomanların sayı Səhiyyə Nazirliyinin rəsmi
statistikasında göstərilən rəqəmdən on dəfə artıqdır. Onun sözlərinə görə , hələ rəsmi statistikaya əsasən, hazırda 18 min narkotik vasitələrin istifadəçisi qeydə alınıb. Yaş həddi də sürətlə aşağı
düşür. Bu hal əgər əvvəllər 22–23 yaş həddindən yuxarı şəxslərdə müşahidə olunurdusa, indi bu yaş həddi 17–18–dir. Bu da ondan xəbər verir ki, ölkədə narkomaniya gəncləşir.
Araşdırmalar göstərir ki, Azərbaycanda yerli istehsalat böyük deyil, daxili təlabatın həcmi isə artmaqdadır. Burada ən geniş istifadə olunan narkotik maddələr tiryək, heroin, ekstazi, həşiş,
kokain və LSD–dir. Ölkənin Cənub bölgəsində əsasən, narkotik xassəli xaş–xaş və çətənə
bitkisi becərilir Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Əli Həsənovun bildirdiyinə görə, Cənub bölgəsi həm istifadəçilərin, həm dispanser uçotunda duranların, həm cinayət xarakterli işlərin sayının, həm də, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin artan miqdarına görə digər bölgələri üstələyir. Cənub sərhədlərindən ölkəyə keçirilən qanunsuz narkotik vasitələrin 89 faizi qaçaqmalçılıq yolu ilə baş verir.
Lənkəran Rayon Gigiyena və Epidiomelogiya Mərkəzi HİV diaqnostikası laboratoriyasının
müdiri Rəmiəli İbişov bildirdi ki , Lənkəranda NİV-AİDS xəstəliyinə 195 nəfər tutulub ki,
bunların da əksəriyyəti narkotika aludəçiləri və onların ailə üzvləridir. Onun sözlərinə görə, bu il belə xəstələrdən ikisi vəfat edib.
Həmsöhbətim, Lənkəran şəhərinin sakini, üç uşaq atası, 38 yaşlı Bayram Əkbərov (ad şərtidir) deyir ki, narkotikaya ilk dəfə 18 yaşında meyl edib. Ailələri bir qədər imkanlı olub.
Bir dəfə atası ilə etdiyi xırda bir mübahisə onu narkomana çevirib. Tanışının yanına gələn Bayram onun təhrikilə damarına iynə vurur. Elə həmin gündən etibarən də narkotikadan mütəmadi istifadə edir. Nə qədər cəhd göstərsə də, ondan imtina edə bilmir. Dəfələrlə dispanserdə müalicə kursu keçib. Hər dəfə müalicədən sonra yenidən onu əhatə edən tərəfdaşları ilə bu işlə məşğul olub: “Mənim üçün həyat heç nədir. Həmişə özümə ölüm arzulayıram.
Düşünürəm ki, ölsəm, bu cansıxıcı həyatdan birdəfəlik azad olaram. Artıq mən heç kəsə lazım
deyiləm: nə ailəmə, nədə ki, məni əhatə edən insanlara. Axı hər dəfə arxamca deyilən
“narkomandır” kəlmələrini eşidəndə qəlbim sıxılır. Mən nə edim ki, bu bəladan xilas olum”.
Həkim Şəfaət Həsənovun bildirdiyinə görə, narkoman ilk növbədə şəxsiyyətini itirməyə başlayır, onu əhatə edən insanlara qarşı münasibəti pozulur və nəhayət, cəmiyyətdən uzaqlaşır.
Beləliklə, narkomanda sağlam insanlara qarşı aqressiv fikirlər formalaşır. Bundan başqa, narkoman normal qidalanmadan məhrim olur və ən sonda onun orqanizminin immun sistemi zəifləyir. Bu da narkomanın tezliklə Hepatit, HİVAİDS, vərəm və s. xəstəliklərə düçar olmasına gətirib çıxarır. Eyni zamanda, bu xəstəliklər onunla sıx təmasda olan sağlam insanlara da keçir. Həmçinin, narkomanların ailə qurduqda dünyaya gətirdikləri uşaqların əksəriyyətinin anomaliya və digər qüsurları olur.
Məlumata görə, dünyada becərilən narkotiklərin 60–80% Əfqanıstanın payına düşür. Burada 1 kiloqramı 1000 dollara alınan heroin Avropada 200 min dollara satılır. Azərbaycanın isə Əfqanıstandan daşınan narkotiklərin tranzit ərazi kimi rolu artıb. Təhlükəli cəhət ondan ibarətdir ki, ölkəmizə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi kimi mütəşəkkil
cinayətkar fəaliyyətə bəzi rayonların sərhədboyu ərazilərində yaşayan ailələr, çoxsaylı gənclər
cəlb olunur. Narkotiklərin qaçaqmalçılığının qarşısının alınması məqsədi ilə sərhədlərimizin
mühafizəsi gücləndirilsə də, bu işlə məşğul olan mütəşəkkil cinayətkar dəstələrin dövlət
sərhədlərini keçmələri üçün müəyyən imkanlar hələ də qalmaqdadır. Cinayətkarlar narkotik vasitələrin digər ölkələrə ötürülməsində ən müxtəlif yollardan istifadə edirlər - xırda qaz balonlarının içinə doldurur, qarpız, nar və digər meyvələrin içərisinə yerləşdirir, şariklərin içinə doldurub udur və s. sərhəddən keçirir. Bundan başqa bu məsələdə qadınlardan da xüsusi olaraq istifadə edilir. Bu zəif məxluqlar özünəməxsus yerlərində gizli şəkildə kapsulaları keçirirlər və s.
Qeyd edək ki, Azərbaycan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair beynəlxalq konvensiya və sazişlərə qoşulub, 2005–ci ildə Milli Məclisdə narkotik vasitələrlə bağlı qanun qəbul olunub. Bu sahədə fəaliyyətin səmərəsini artırmaq məqsədilə 2007–2012–ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı” təsdiq edilib. Proqramın icrası nəticəsində son illər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə əlaqədar aşkar edilən cinayətlərin və cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı, habelə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı xeyli artmışdır. Ekspertlər hesab edir ki , problemin müvəffəqiyyətli həlli üçün ölkədə narkotik maddələrə tələbatın azaldılması və satışının mümkünsüzlüyə çevrilməsi ilkin şərtlərdəndir. Bu məqsədə nail olunduğu halda isə cinayətlərin təşkilatçılarının və narkoişbazların ölkəmizə olan marağı da aradan qalxacaqdır. Bundan başqa, bu məsələdə məhkum edilmiş şəxslərin sosial reablitasiyası da çox mühüm əhəmiyyət kəsb edir.
Lənkəran Narkoloji Dispanserinin baş həkimi Vüqar Əliyev bildirdiyinə görə, hazırda
dispanserdə qeydiyyatda 184 narkotika aludəçisi durur. Burada narkomanların həm stasionar,
həm də ambulator müalicəsi üçün hər cür şərait var. Dispanserdə əvvəlcə narkomanların ekspertizası aparılır, sonra isə qeydiyyata alınır və nəzarətdə saxlanılırlar. Ötən müddətdə
Lənkəranda narkotik asılılığı olanları müəyyənləşdirib zərərin azaldılması məqsədilə “Zərərin
Azaldılması” proqramı çərçivəsində “köhnə şprisi gətir, əvəzinə təzəsini apar” layihəsi həyata
keçirilib və bu layihəyə xeyli narkoman cəlb olunub.
Qeyd edək ki, bu problemlə təkcə hüquq–mühafizə orqanlarının gücündən istifadə etməklə
mübarizə aparmaq mümkün deyil. Bütün dünyada sosial bəlaya çevrilən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ictimaiyyətin bütün təbəqələri,
o cümlədən kütləvi informasiya vasitələri də fəal iştirak etməlidir. Gəlin, Azərbaycan millətinin gələcəyini, onun genefondunu bu bəladan qoruyaq .
NİZAMİ HÜSEYNOV
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.